11.05.2016
Qazaxda “Azərbaycan tolerantlıq nümunəsi” mövzusunda “dəyirmi masa” təşkil olunub
Qazax Dövlət Sosial İqtisad Kollecində “Radikalizmə qarşı mübarizədə milli- mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində “Azərbaycan tolerantlıq nümunəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov qeyd edib ki, məqsəd Azərbaycanın milli- mənəvi dəyərlərinin, Azərbaycançılıq məfkurəsinin, ölkəmizin tolerantlıq mühitinin və bu sahədə dövlət siyasətinin geniş təbliğ olunmasıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında ölkəmizdə zəngin multikultural dəyərlərdən söhbət açıb, Azərbaycan xalqının mədəni yaşam tərzinə, əxlaqi dəyərlərə və yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu vurğulayıb.
Rayon prokurorunun köməkçisi Nəriman Əsədov bildirib ki, ölkəmizdə bütün xalqların nümayəndələri tarix boyu sülh və sabitlik şəraitində yaşayıb və yaşamaqdadır. 1990-cı illərin əvvəllərindəki böhranlı dövrdə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin formalaşdırmağa başladığı müasir, müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılması, dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olunması idi.
Rayon polis şöbəsinin bölmə rəisi Elçin Xəlilov, sahə müvəkkili Amil Budaqov, Daş Salahlı kənd “İslam” Məscidi dini icmasının sədri İslam Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər və milli -mənəvi dəyərlərin qorunması və onun gənc nəsillərə aşılanmasında belə layihələrin əhəmiyyətindən danışıblar.
.jpg)