21.04.2016
Qazax və Mingəçevirdə radikalizmlə mübarizə məsələləri müzakirə olunub
Aprelin 21-də Qazax “Cümə” məscidinin “Dini ekstremizm və radikalizmin fəsadları” layihəsi çərçivəsində “Radikalizmə qarşı mübarizədə ziyalıların, ağsaqqalların və gənclərin rolu” mövzusunda Qazax rayonu 1-ci İşıxlı kəndi M.Həsənov adına tam orta məktəbində tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev və şöbənin əməkdaşları, M.Həsənov adına tam orta məktəbin direktoru Məzahir Qocayev, Göyəzən qəzetinin baş redaktoru Elçin İsmayıllı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev açaraq bildirib ki, gənclərin radikalizmə meyillərinin aradan qalxması üçün ağsaqqalların və ziyalıların təsir mexanizmi, təcrübəsi tətbiq olunmalıdır. Qazax “Cümə” məscidi dini icmasının sədri İlham Süleymanov qeyd edib ki, təhsilə, elmə üstünlük verilməsinin müxtəlif dini təriqətlərin yayılmasına qarşı mübarizədə xüsusi rolu vardır.DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev çıxışında radikalizmin fəsadları, onunla mübarizə vasitələrindən bəhs edib.
* * *
Aprelin 21-də digər maarifləndirmə tədbiri Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri” mövzusunda keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Yusif Yusifov, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranması, yayılma xüsusiyyətləri və Mingəçevir şəhəri üzrə dini sahədə mövcud nöqsanlar barədə məsəsələri xüsusilə vurğulayıb.
Daha sonra çıxış edən şair-tədqiqatçı Əbülfət Həsənoğlu, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının və Mingəçevir şəhər Ağsaqqallar Şurasının üzvü Allahverdi Əliyev də mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər, dini ekstremizmin fəsadlarından, İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, həmçinin, icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, o, cümlədən “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi iştirakçılara paylanılıb.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

