29.04.2016
Qazax rayonunda “İslam dininin düzgün təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazax rayon Daşsalahlı məscidi dini icmasının “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində “İslam dininin düzgün təbliği” mövzusunda Qazax rayon Daşsalahlı 1 saylı kənd orta məktəbində şagird və müəllim kollektivi ilə görüş keçirilib.
Tədbiri Qazax Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq həyata keçirilən layihələrin dini radikalizmə qarşı mübarizənin aparılması üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
DQİDK-nın Tovuz bölgəsinin şöbə müdiri Eldəniz Vəliyev mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin gənclərimizin düzgün tərbiyə edilməsi, onların elmə, təhsilə maraqlarının artması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu deyib.
Qazax rayon polis şöbəsinin Daşsalahlı bölməsinin rəisi İlham Xamoyev çıxışında radikalizmə qarşı aparılan tədbirlər və onun qarşısının alınması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov isə gənclərin dini ekstremizmə və radikalizmə qarşı mübarizədə özlərinin də fəallıq göstərməli olduğunu vurğulayıb.
DQİDK-nın əməkdaşı Anar Əliyev milli-mənəvi dəyərlərə dövlət səviyyəsində yüksək qayğı göstərildiyini, dini radikalizmin qarşısının alınması istiqamətində yüksək səviyyəli tədbirlərin görüldüyünü qeyd edib. Məktəblilərin, gənclərin yüksək vətənpərvərlik ruhunda yetişməsində ağsaqqalların və ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.