05.03.2016
Qaxın multikultural ənənələri
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan olunması haqqında sərəncamı Qax rayonunda da məmnunluqla qarşılanmışdır. Milli və dini ayrı-seçkiliyin heç zaman müşahidə edilmədiyi, hər kəsə eyni münasibətin sərgiləndiyi bu məkanda multikultural dəyərlər diqqət çəkəndir. Rayonda azərbaycanlılarla yanaşı, gürcülər, ingiloylar, ləzgilər və saxurlar da yaşayır, işləyir, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar.
Qaxda xristian dini icmaları da fəaliyyət göstərir. Qax İngiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili bildirdi ki, onlar burada yaşamaqdan məmnundurlar. Həmin xalqların sıx yaşadığı kəndlərdə kitabxanalar, klublar fəaliyyət göstərir. Qax İngiloy mədəniyyət evində “Şvidkatso” xalq xoru, uşaqlardan ibarət “İmedi” rəqs qrupu, Ağyazı mədəniyyət evində “Samur”, Ləkit mədəniyyət evində “Ceyranım”, Əlibəyli kənd mədəniyyət evində “Pesvebi” folklor kollektivləri yaradılıb. Onlar rayonun mədəni həyatında, eləcə də respublika səviyyəli tədbirlərdə də iştirak edirlər.
Mədəniyyət və Turizm Nazirliyi də respublikamızda yaşayan müxtəlif millətlərin mədəniyyətlərinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsində həmişə maraqlı olmuşdur. Bu istiqamətdə müxtəlif layihələr həyata keçirilmiş, festivallar təşkil edilmişdir. İ.Kasiaşvili dedi ki, bu sıradan “Azərbaycan doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika festivalı keçirilmişdir. Festivallarda Qaxdakı azsaylı xalqların kollektivləri çıxış etmişlər. Ağyazı kəndinin “Samur”, Əlibəylı kənd mədəniyyət evinin “Pesvebi” folklor ansamblı, Qax İngiloy kənd mədəniyyət evinin “Şvidkatso” kollektivi uğurlu çıxışlarına görə diploma layiq görülmüş və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Rayonda yaşayan müxtəlif xalqların nümayəndələri istər şad günlərdə, istərsə də çətin məqamlarda bir-birilərinə dayaq durmağı, həmrəy olmağı bacarırlar. Qaxda keçirlən elə bir azərbaycanlı toyu tapılmaz ki, rayonda yaşayan gürcülərin, ləzgilərin nümayəndələri iştirak etməsin. Onların da toy məclislərinə azərbaycanlılar dəvət olunurlar. Şənliklərdə ifa olunan musiqi çələngləri bir-birinə oxşayır. Elə ailələr var ki, dədə-babalardan başlayan dostluq ənənələrini bu gün də davam etdirirlər. Milli bayramlarda bir-birilərinə qonaq gedir, pay göndərirlər. Qonşular hansı dinin, xalqın nümayəndəsi olmasının fərqinə varmayaraq bir yana gedəndə mənzillərinin açarlarını, uşaqlarını belə bir-birinə etibar edirlər. Gənclərimiz də bu ənənələri yaşatmaqdadırlar. Gürcü, azərbaycanlı və ləzgi qızlarının, oğlanlarının doğma münasibətləri sonradan ailəvi dostluğa çevrilir. Qız verib, qız alan ailələr də yetərincədir.
Qaxda həmişə digər millətlərin adət-ənənələrinə, bayramlarına, dininə hörmətlə yanaşılır. İcma rəhbəri deyir ki, elə ziyarət yerləri var ki, xristianlarla yanaşı, müsəlmanlar üçün də inanc yeri rolunu oynayır. Hər il mayın 6-da və noyabrın 23-də keçirilən “Kürmük oba bayramı”nda qaxlılarla yanaşı, qonşu rayonların müxtəlif dinlərdən olan nümayəndələri də bir süfrə arxasında otururlar. Bayramlarda hər millət özünün mətbəxini nümayiş etdirir. Artıq rayonda xalqlar müəyyən məclislərdə, şənliklərdə, xoş günlərində digər millətlərin mətbəxlərinin təamlarını da hazırlayırlar. Xüsusilə gürcülərin xaçapurisi, xəngəli və salatları azərbaycanlıların sevə-sevə yedikləri təamlardandır.
Əlibəyli kəndindəki “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri Temuri Barixaşvili isə bildirdi ki, rayonda 2005-ci ildən Qax Dövlət Gürcü Dram Teatrının fəaliyyətə başlaması respublikada həyata keçirilən multikultural siyasətin məntiqi nəticəsidir. Teatrda 36 nəfər çalışır. Kollektiv hər il müxtəlif tamaşalarla təkcə Qaxda deyil, ətraf rayonların, hətta qonşu Gürcüstan Respublikasının əhalisi qarşısında çıxış edir. Kənd əhalisi əsasən gürcülərdən ibarətdir. İki azərbaycanlı ailə var. Onların da hər ikisi gürcü qızları ilə ailə həyatı quraraq kənd camaatına qaynayıb qarışıblar. Kənddəki orta məktəbdə dərslər gürcü dilində keçirilir. Azərbaycan və ingilis dilində də dərslər tədris olunur.
Biz, bu məkanda yaşayan gürcülər Azərbaycan xalqının adət-ənənələrinə və mərasimlərinə hörmətlə yanaşırıq. 20 Yanvar və Xocalı soyqırımının ildönümündə kilsədə dini mərasimlər keçirilir, şəhidlərin ruhuna dualar oxunur. Bundan başqa, Novruz bayramında, tarixi günlərdə azərbaycanlı dostlarımızı təbrik etməyi özümüzə borc bilirik.
T.Barixaşvili axırda xüsusi vurğuladı ki, biz gürcülər burada həmişə özümüzü rahat hiss etmişik. Hətta Pasxa və Milad bayramlarını rayondakı “Giorgi” kilsəsində keçiririk. Bu tədbirlərdə rayonun əlaqədar təşkilatlarının nümayəndələri də həmrəylik nümayiş etdirirlər.
Əli SƏLİMOV,
“Azərbaycan”