Qaxda maarifləndirmə tədbiri keçirilib
Mayın 10-da Qax Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qax rayonu Turaclı kənd tam orta məktəbində “Gələcəyimizin təminatçısı-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Turaclı kənd tam orta məktəbinin direktoru İlham Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri Turaclı kənd tam orta məktəbinin direktoru İlham Məmmədov giriş sözü ilə açaraq mövzunun aktuallığından danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov uğurlu gələcəyimizin təminatçısı olan milli-mənəvi dəyərlərimizdən bəhs edib. Uğurlu gələcəyin qurulmasına kölgə salan dini radikalizmin fəsadlarından danışıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.