27.12.2017
Qaxda “İslam mədəniyyəti və onun təzahürləri” mövzusunda tədbir keçirilib
Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “Mədəniyyət və din” adlı layihənin “İslam mədəniyyəti və onun təzahürləri” mövzusunda ilk tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qax rayon qazısı Novruz Sadıqov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, eləcə də din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov açaraq İslam mədəniyyəti haqqında tədbir iştirakçılarına ümumi məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı İslam mədəniyyətindən, İslam mədəniyyətinin yaranması, inkişafı və ümumbəşəri səviyyədə qısa müddətdə yayılmasından, İslam mədəniyyətinin xalqları birləşdirməsindən və bu mədəniyyətin inkişafı zamanı mükəmməl sənət və memarlıq abidələrinin ərsəyə gəlməsindən danışıb.
Daha sonra QMİ-nin Qax rayon qazısı Novruz Sadıqov mövzuyla bağlı çıxış edib, milli mədəniyyətimizin kökündə İslam mədəniyyətinin təzahürlərinin mövcud olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.