Qaxda “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir baş tutub
Aprelin 17-də Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qax rayon Baydarlı kənd tam orta məktəbində “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Baydarlı kənd tam orta məktəbinin direktoru Bədrəddin Əzizov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Bədrəddin Əzizov tədbirin mahiyyətindən, millli-mənəvi dəyərlərin gənclərin vətənpərvər vətəndaş olaraq formalaşmasındakı rolundan danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında tədbir iştirakçılarına məlumat verib. T.Nəzərov dini ekstremizmin fəsadlarından bəhs edərək bildirib ki, gənclərimizin savadlı, geniş dünyagörüşünə malik olmaları belə mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli amildir.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.