26.01.2017
Qaxda “Azərbaycanın birgəyaşayış mühiti” mövzusunda tədbir keçirilib
Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax rayonunda Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihə çərçivəsində “Azərbaycanın birgəyaşayış mühiti” adlı üçüncü tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov Azərbaycanda birgəyaşayış mühiti haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov mövzu ətrafında geniş çıxış edərək hazırda Azərbaycanın birgəyaşayış ənənəsi, bu ənənənin tarixən hansı şəkildə formalaşdığı və gələcək nəsillərə bu ənənəni çatdırmaqda üzərimizə düşən vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov öz çıxışında dünyada dini zəmində gedən qarşıdurmalardan, bu qarşıdurmaların birgəyaşayış ənənəsinə mənfi təsir etməsindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq keçirilib.