28.04.2018
Qaxda “Aprel döyüşləri – şanlı tariximizdə bir səhifədir” mövzusunda tədbir keçirilib
Aprelin 27-də Qax rayonu Qum kənd tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Aprel döyüşləri – şanlı tariximizdə bir səhifədir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov, Qax rayon Gənclər və İdman idarəsinin müdir müavini Həsilov Elvin və Qax rayonu Qum kənd tam orta məktəbinin rəhbər heyəti, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov vətənpərvərlik hissinin məktəblilərin tərbiyə olunmasında önəmli rol oynamasından bəhs edib və aprel döyüşlərində qazanılan qələbənin ordumuzun güclü olmasından xəbər verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov aprel qələbəsinin tariximizin yaddaşında şanlı səhifə olduğunu qeyd edərək, Vətənin azadlığı uğrunda canını və qanını fəda verən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özümüzə nümunə götürməyi məktəblilərin diqqətinə çatdırıb. Həmçinin natiq DQİDK-nın təşkilatçılığı ilə aprel şəhidlərinin əziz xatirəsinə həsr olunaraq çəkilən “Şəhadət” filmi haqqında qısa məlumat verib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.