Qax rayonunda onlayn seminar-müşavirə keçirilib
İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda onlayn seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini, YAP Qax rayon təşkilatı Gənclər birliyinin sədri Elvin Həsilov, Gənclərin inkişaf və karyera mərkəzinin direktoru Elmir Həşimli, rayon Təhsil şöbəsinin metodisti Leyla Rzayeva, məktəb təşkilatçıları və fənn müəllimləri iştirak ediblər.
Çıxışlar zamanı uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin önəmi vurğulanıb, zərərli vərdişlərdən uzaq, zorakılığa və ya istismara məruz qalmadan, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib bir şəxsiyyət kimi formalaşmasında uşaqlara göstərilən diqqət və qayğının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Çıxışçılar 44 günlük Vətən müharibəsində gənclərimizin igidliyi və Vətənə olan məhəbbətinin uşaqların yaddaşında şanlı bir səhifə kimi həkk olunduğunu bildiriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





