15.11.2016
Qax rayonunda “Dini radikalizmə qarşı birgə mübarizə” mövzusunda tədbir olub
Noyabrın 15-də Qax rayonunda Qax Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı birgə mübarizə” mövzusunda konfrans keçirilib.
Orta məktəb müəllimlərinin, xüsusilə də “Həyat bilgisi” fənni müəllimlərinin, rayon gənclərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Qax RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq rayonun dini durumu ilə bağlı məlumat verib, Qaxda tarixən mövcud olan dini ənənələrin qorunub saxlanılmasına diqqət çəkib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov orta məktəblərdə tədris olunan “Həyat bilgisi” dərsliklərində dinlə bağlı mövzuların daha dolğun və izahlı şəkildə şagirdlərə çatdırılmasının, bu mövzular işlənərkən digər dinlərə və din mənsublarına hörmətlə yanaşmağın vacibliyindən danışıb. O qeyd edib ki, dini radikalizm və dini mövhumatla mübarizədə təhsilin xüsusi rolu var və buna görə də, gənclərimiz daim öz dünyagörüşlərini artırmağa çalışmalıdırlar.
Daha sonra çıxış edən Qax rayon Ağsaqqalar Şurasının sədri Nadir Aşurov rayonun tarixi ənənələrindən, burada tarixən formalaşan birgəyaşayış və tolerant mühitin radikalizmdən qorunmasının zəruri olmasından bəhs edib.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.
.jpg)
.jpg)
.jpg)