15.12.2017
Qax məktəblilərinə "Şəhadət" sənədli filmi nümayiş etdirilib
Dekabrın 15-də Qax şəhər 3 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi olub.
Qax Rayon İcra Hakimiyyətinin (RİH), DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin və Qax Rayon Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov və Qax RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov müasir dövrümüzdə baş verən proseslərdən, milli-mənəvi dəyərlərimizdən, dini ekstremizmdən və vətənpərvərlikdən bəhs ediblər.
Daha sonra DQİDK-nin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.