Qaradağda maarifləndirmə tədbiri keçirilib
Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2019-cu il üçün birgə fəaliyyət planına əsasən Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamının möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə "N" saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Şirinov və Nuru İmanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, zabit və əsgərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev hərbi hissələrdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, dini radikalizmi doğuran səbəblər və onunla mübarizə üsulları, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərindən söz açıb.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov çıxış edərək bildirib ki, istənilən şəraitdə Azərbaycan xalqının və dövlətinin təəssübünü çəkməyi bacaran hər bir kəs əsl vətəndaşdır. Dini radikalizm və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin gücləndirilməsi ən effektiv vasitələrdən biridir.
Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov öz çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin daha da yüksək inkişafı üçün şəxsi heyətə vətənpərvərlik hissinin aşılanmasının zəruri olduğunu diqqətə çatdırıb.