Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.10.2019

Qaradağda "Dini radikalizmə qarşı mübarizə yolları" mövzusu müzakirə olunub

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda “Dini  radikalizmə qarşı mübarizə yolları”  mövzusunda tədbir keçirilib.

Dəyirmi masada Qaradağ RİH və DQİDK-nın rəsmi şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon üzrə səlahiyyətli nümayəndəsi və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov insanlar arasında sağlam dini biliklərin formalaşmasında din xadimlərinin rolunun vacibliyindən bəhs edib.

Çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov insanları radikal dini qrupların təsirindən kənar saxlamaq üçün İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin  əhəmiyyətini vurğulayıb, dini radikalizmlə mübarizədə ənənəvi İslamın dayaqlarını möhkəmləndirmək, insanlar arasında milli-mənəvi dəyərlərə bağlılıq elementlərinin artırılmasının əhəmiyyətindən bəhs edib.

QMİ-nin səlahiyyətli nümayəndəsi Faiq Əhmədov Azərbaycan Respublikası ərazisində tarixən formalaşmış dini dəyərlərin hər zaman radikalizmlə əks qütbdə dayandığını, radikal ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olduğunu bildirib.

İcma sədrləri və din xadimləri fəaliyyətləri barədə qısa məlumat veriblər, tədbir müzakirələrlə davam etdirilib,