Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.06.2015

Qaradağ rayonunda dini icmalar və din xadimləri ilə görüş keçirilib

İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Qaradağ rayonu İcra Hakimiyyətinin nümayəndələri ilə Qaradağ rayonunda dini icmalar və din xadimləri ilə görüş keçirilib. Görüş zamanı  dini icmaların fəaliyyəti, radikalizmlə effektiv mübarizə, dövlət-din münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin Qobustan qəsəbəsi üzrə ərazi nümayəndəsi Şükran Nəcəfov Dövlət Komitəsinin Qaradağ rayonu ərazisindəki aktiv fəaliyyətini yüksək qiymətləndirərək minnətdarlığını bildirib. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov çıxış edərək Qafqaz Müsəlmanları İdarəsinin dini icmalara və din xadimlərinə Ramazan ayı ilə əlaqədar müvafiq tövsiyələrini çatdırıb. Bununla yanaşı, o, QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyətinin rayon ərazisindəki dini duruma müsbət təsir göstərdiyini qeyd edib. Daha sonra Qobustan qəsəbəsi “Şamlı” məscidinin dini icma sədri və imamı Qaraoğlan Həsənov da çıxış edib.
Sonda DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu, dini icmaların fəaliyyətinə hərtərəfli dəstək göstərildiyini bildirib. Qeyd edilib ki, Prezident cənab  İlham Əliyevin müvafiq sərəncamı əsasında maarifləndirmə işinin təşkili məqsədilə Qaradağ rayonu ərazisində 3 dini icmanın layihəsi təsdiq edilərək maliyyə yardımı ayrılıb.
Tədbirdə dini icmalara və din xadimlərinə məscidlərdə verilən azanın Qafqaz Müsəlmanları İdarəsinin  AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birgə tərtib etdiyi vahid təqvimə uyğun verilməsinə nəzarət edilməsi, eləcə də bu göstərişə əməl etməyənlərə ciddi xəbərdarlıq edilməsi ilə bağlı göstəriş verilib.