“Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirilib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirib.
Tədbirdə institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov institutun maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə müxtəlif seminarların təşkil edildiyini söyləyib, mövzunun din tariximiz baxımından vacib olduğunu vurğulayıb. A.Şirinov yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu bildirərək, tarixən ölkə ərazisində müxtəlif yəhudi icmalarının digər dinlərin nümayəndələri ilə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyib. Azərbaycanda Dağ, Avropa və gürcü yəhudi icmalarının fəaliyyət göstərdiyini qeyd edən A.Şirinov ölkəmizdə anti-semitizmin heç vaxt mövcud olmadığını bildirib. A.Şirinov, həmçinin Aİİ-də yəhudiliyin tarixi və teoloji əsasları ilə əlaqəli fənlərin, eləcə də ibri dilinin tədris olunduğunu nəzərə çatdırıb.
Sonra tarix üzrə fəlsəfə doktoru Liya Mikdaşeva "Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda məruzə ilə çıxış edib. L.Mikdaşeva Qafqazda yəhudilərin məskunlaşma tarixinə toxunub. Qeyd olunub ki, Dağ yəhudiləri adlanan cühurilər, əsasən, Şərqi və Şimali Qafqazda yaşayıblar. Tarixçi bildirib ki, Dağ yəhudiləri bu bölgəyə eramızın V əsrində İrandan köçüb, İrana isə eradan əvvəl VII əsrdə gəliblər.
L.Mikdaşeva XVIII əsrin ikinci yarısında Quba xanının qəyyumluğunda Dağ yəhudilərinə sığınacaq verildiyini bildirərək, MDB ölkələrində onların ən yaxşı demoqrafik vəziyyətinin Azərbaycanda olduğunu qeyd edib. Məruzədə 1990-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Bakı ətrafında və Quba şəhərinin 25 kilometrliyində VII əsrə aid yəhudi yaşayış məntəqəsinin qalıqlarının tapıldığı haqqında məlumat verilib. Daha sonra qeyd olunub ki, Azərbaycanda yaşayan Dağ yəhudiləri adət-ənənələrinə bu gün də riayət edirlər.
Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.

