Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.12.2015

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib

Dekabrın 4-də AMEA-nın İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan Alban-Udin xristian İcmasının sədri Robert Mobili, Dövlət Komitəsi sədrinin müavinləri, şöbə müdirləri və ziyalılar iştirak ediblər.
Tədbirin əsas məqsədi Qafqaz ərazisində mövcud olmuş mədəni-dini abidələrin vəziyyəti, həmin abidələrə qarşı bu günə qədər törədilmiş vəhşiliklərin müzakirəsi olub.
Konfransı giriş sözü ilə açıq elan edən AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva ilk növbədə ermənilər tərəfindən işğal altında qalmış ərazilərdəki abidələrimizə qarşı törədilən vəhşiliklərdən bəhs edib, ermənilərin bu əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Qafqaz ərazisinin tarixən çoxmillətlilərin birgəyaşayış məkanı olduğunu, xüsusən Azərbaycanın öz multikultural dəyərlərinə görə dünyada tolerantlıq nümunəsinə çevrildiyini bildirib. Azərbaycanda müxtəlif dinlərə və etnik azlıqlara məxsus abidələrin xüsusi dövlət mühafizəsi altında olduğunu, onların dünya mədəni irsinin tərkib hissəsi kimi qorunduğunu deyən Komitə sədri Ermənistan tərəfindən işğal altında qalmış abidələrimizə eyni münasibətin göstərilmədiyini deyib.
Daha sonra “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” adlı qısametrajlı film nümayiş etdirilib.
Konfrans işini müxtəlif mövzularda çıxışlarla davam etdirib. Müzakirələr zamanı Qafqaz ərazisində mövcud olan mədəni-dini abidələrin qorunmasının və dünya mədəni irsi kimi gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, Ermənistan tərəfindən işğal altında qalmış mədəni-dini abidələrin taleyi ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələlərlə bağlı təklif və mülahizələrini bildiriblər.