13.04.2016
Qafqaz Müsəlmanları İdarəsində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
QMİ-nin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağlığı verərək deyib: “Son günlərin hadisələri göstərdi ki, Azərbaycan əzəli torpaqlarını işğaldan azad etməyə hazırdır. Dünya birliyi Azərbaycanı dəstəkləyir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanındır”. O xatırladıb ki, xalq ötən əsrin 90-cı illərinin əvvəllərində də Vətən uğrunda fədakarcasına döyüşüb, amma səriştəsiz rəhbərlik o vaxt ölkəni fəlakət girdabına yuvarladıb. Ulu Öndər Heydər Əliyevin respublikada rəhbərliyə qayıdışından sonra intensiv ordu quruculuğuna başlanılıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətin yürütdüyü siyasət nəticəsində hazırda cəbhədə müvəffəqiyyət qazanılıb və irəliləyiş olub.
Şeyxülislam deyib: “Biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. İnanıram ki, qələbə bizimlə olacaq və biz onu qazanacağıq”.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Milli Məclisin deputatları Mirfəttah Heydərov, Siyavuş Novruzov, Ziyad Səmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, əsas dini konfessiyaların başçıları çıxış ediblər. Şəhidlərin qohumları bildiriblər ki, döyüşçülər arasında vətənpərvərlik, görünməmiş ruh yüksəkliyi və fədakarlıq əzmi hökm sürür. Bildirilib ki, hazırda dövlətlə din arasında yeni qarşılıqlı münasibətlər formalaşıb. Bu münasibətlər hələ indiki qədər harmonik və sinxron olmayıb. Bu işdə Prezident İlham Əliyevin böyük xidmətləri var.
Aprelin 2-nə keçən gecə Azərbaycanın bütün sərhədyanı mövqeləri iriçaplı silahdan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Atəş nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var.
Aprelin 5-də saat 12.00-dan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar hər iki tərəfin razılığına əsasən dayandırılıb. Atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan tərəfi qoşunların təmas xətti boyu daim onu pozur.
Azərbaycanın dini konfessiyalarının rəhbərləri bu yaxınlarda təmas xəttində Ermənistanın son provokasiyaları ilə bağlı narahatlığını bildiriblər. Onlar bununla bağlı dünya ictimaiyyətinə müraciət qəbul ediblər.