27.02.2018
Prezidentin Sərəncamı uğurla icra olunur
Fevralın 27-də Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslamda Vətən sevgisi və milli özünüdərk” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov, dini icmanın üzvləri, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov mövzunun əhəmiyyətindən danışıb. O bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq əsas vəzifələrdəndir.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
