09.01.2018
Prezidentin Sərəncamı uğurla icra olunur
Yanvarın 9-da Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbində Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının“İslam həmrəyliyi: Azərbaycan nümunəsi” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Əli Həziyev, DQİK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Əzizov, Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbinin direktoru Zaur Ələkbərov, Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbinin direktoru Zaur Ələkbərov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nin əməkdaşı Əli Həziyev çıxışında qeyd edib ki, İslam həmrəyliyinin qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Bildirib ki, bu həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən yüksək zirvəsidir.
Daha sonra çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi münaqişə və müharibələrin tüğyan etdiyi dünyaya Azərbaycanın sülh mesajı olduğunu bildirib.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Əzizov, müəllim Firudin Zeynalov, Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.