21.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icması tərəfindən Höytala kənd orta məktəbində “Dini abidələrimiz” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, məktəbin direktoru Mehriban Abdullayeva, Yolayrıc kənd məscidi dini icmasının sədri Emin Yunusov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Abdullayeva milli-mənəvi dəyərlərimizin qorunmasından söz açmış və məktəblilərə xitab edərək yad dini təsirlərdən qorunmaq üçün təhsilin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə dövlətin dinə qayğısından danışmış, istər İslam istərsə də digər din mənsublarının ibadət yerlərinin tikintisinə və bərpasına göstərilən diqqəti tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Dini icmanın sədri Emin Yunusov qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.