20.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Ağbil kənd məscidi dini icmasının “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, RİH başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayev, Quba rayonu Ağbil kənd məscidi dini icmasının sədri Hacıməhəmməd Məmmədov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək bildirib ki, uzun illər Azərbaycnada mövcud olan ənənəvi İslam dininin təməl daşını birlik, bərabərlik və həmrəylik prinsipləri təşkil edib. Hazırda dünyada dinlərarası münasibətləri korlamağa çalışan qüvvələrə qarşı Azərbaycandakı dini həmrəylik prinsipləri alternativ olaraq göstərilir.
Quba Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bütün İslam aləminə edilən həmrəylik çağırışıdır. Bildirib ki, il ərzində rayonun demək olar ki, bütün yaşayış məntəqələrində dini maarifləndirmə tədbirləri təşkil edilib və bu iş hazırda da davam etməkdədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.