15.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər dindarları məscidi dini icması tərəfindən “İslam həmrəyliyi ili: həmrəyliyə dəvət və sülhə çağırış” layihəsi çərçivəsində “Ailənin cəmiyyət və dində yeri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov, Fuad Şirinov, Ağdaş şəhər dindarları dini icmasının sədri Vasib Əhmədov, Ağdaş rayon Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev və Ağdaş şəhər İstək liseyinin direktoru Rəşad Əliyev başda olmaqla liseyin müəllim və şagird heyəti iştrak ediblər.
Ağdaş şəhər İstək liseyinin direktoru Rəşad Əliyev çıxışında keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, milli-mənəvi dəyərlərimizin gənclər və yeniyetmələr arasında təbliğinin gələcəyimiz olan gənclərin sağlam formalaşmasında əhəmiyyətli rol oynayacağını bildirib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələri barədə məlumat verib, DQİDK-nın həmin prosesdə aparıcı orqanlardan biri olduğunu qeyd edib. Rahib İbrahimov dini icmalara ayrılmış layihələrin və bu layihələr çərçivəsində baş tutan maarifləndirmə tədbirlərinin əhəmiyyətini tədbir iştrakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov, İslam dinində ailəyə verilən önəmdən bəhs edib, ailənin dindəki yeri barədə danışıb. Şöbə əməkdaşı qanunvericilik və şəriət baxımından ailə institutu və ailə üzvlərinin hüquqları barədə tədbir iştrakçılarını məlumatlandırıb.
Daha sonra Ağdaş şəhər dindarları dini icmasının sədri Vasib Əhmədov çıxış edərək islami cəmiyyətdə ailə dəyərlərinin zənginliklərindən bəhs edib, həmin dəyərlərin müsəlman Şərqinin rəmzi olduğunu vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən Ağdaş şəhər Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev gənclərin tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, gənc və yeniyetmələri zərərli vərdişlərdən, həmçinin dini radikalizmdən qorumağın əhəmiyyətindən bəhs edib.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb, DQİDK-nın razılığı ilə nəşr edilmiş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)