13.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Quba rayonu Ağbil kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə” adlı layihəsi çərçivəsində rayonun Əlibəyqışlaq kəndində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elmira Hacıyeva, Quba rayonu Əlibəyqışlaq kənd tam orta məktəbin direktoru Nəbi Abdurrahmanov, Ağbil kənd məscidi dini icmasının üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əlibəyqışlaq kənd tam orta məktəbin direktoru Nəbi Abdurrahmanov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev çıxışında Azərbaycanda mövcud olan həmrəylik mühitindən, İslam dininə olan dövlət qayğısından bəhs edib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliliyi İli” elan edilməsi İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiyanın göstəricisidir. Bildirib ki, İslam həmrəyliyi sülhün, ədalətin və bərabərliyin qorunmasına xidmət edir.
Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elmira Hacıyeva milli-mənəvi dəyərlərimizin təbliği işinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.