01.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 1-də Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində Şağlaser kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə hökm sürən dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib. E.Həmidli Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da məlumat verib. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin təbliğ olunmasıdır.
Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev xalqımızın zəngin milli-mənəvi dəyərlərində İslami dəyərlərin mühüm yeri və rolunu vurğulayaraq, bu dəyərlərin Azərbaycan mədəniyyətinin formalaşmasında əhəmiyyətini qeyd edib.
Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, kənd tam orta məktəbinin müəllimi Rauf Sadıqov və digərləri çıxışlarında tarix boyu ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin həmrəylik, sülh və dostluq şəraitində yaşadığını diqqətə çatdırıblar.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.