03.11.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icmasının “Dini abidələrimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, dini icmanın sədri Emin Yunusov və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Emin Yunusov mövzunun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür tədbirlərin reallaşdırılması gənclərin maariflənməsinə mühüm təsir göstərir.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə dövlət-din münasibətləri, Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni inşa olunan məscidlər və dövlətimizin dini abidələrə qayğısından danışıb. Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və dini abidələrin məhvə məruz qaldığını deyən T.Vəlizadə bildirib ki, ermənilər təkcə İslam dünyasına aid abidələri deyil, eyni zamanda, xristian abidələrini də dağıdıblar. Natiq onu da vurğulayıb ki, respublikamızda 2 mindən artıq məscidin, 14 kilsənin, 7 sinaqoqun fəaliyyət göstərməsi Azərbaycanın dünya üçün örnək olduğunu deməyə tutarlı əsasdır.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev ölkəmizdəki ictimai-siyasi sabitlik, eyni zamanda rayondakı dini durum barədə məlumat verib.
QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov dövlətin dinə və dindarlara diqqət və qayğısından danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.