Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Noyabrın 3-də Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihəsi çərçivəsində kənd ümumi orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Qurumba kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli mövzunun əhəmiyyətindən danışıb. Natiq Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyasının dünyada sülh, sabitlik və rifaha nail olmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Qurumba kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev və digərləri çıxışlarında ölkəmizdə həmrəylik, sülh və vəhdətin mövcudluğu şəraitində səmavi dinlərin və məzhəblərin nümayəndələrinin bir-birinə qarşılıqlı hörmət və ehtiram göstərdiyini, mehribanlıq mühitində yaşadığını vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.