27.10.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəsətəyi ilə Şəki rayonu Baltalı kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” layihəsi çərçivəsində İnçə-Zunud kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki rayonu İnçə kənd məscidinin imamı Yusif Bəlyarov, Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbinin direktoru Məhərrəm Məhərrəmov dini radikalizmlə mübarizə sahəsində görülən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin milli kimliyi formalaşdıran düşüncə, həyat tərzi, dil, din, adət-ənənə və dəyərlər barədə danışıb.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və Şəki rayonu İnçə kənd məscidinin imamı Yusif Bəlyarov başqaları çıxış edərək dinə və dindaralara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.