Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihəsi çərçivəsində tədbir keçirilib. Pirəbədil kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran RİH başçısının Pirəbədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Məmmədov, Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının sədri Şaib Aslanov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, dini maarifləndirmə sahəsində atılan addımlar gənc nəslin düzgün dini biliklərə yiyələnməsinə səbəb olub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, ölkəmizdə dinlərarası qarşılıqlı hörmət və anlaşma yüksək səviyyədə olduğundan Azərbaycan dünyanın aparıcı dövlətlərinin də diqqətini özünə çəkib. Şöbə müdiri qeyd edib ki, respublikamızda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətimizin diqqət və himayəsindən yararlanırlar.
Şabran RİH başçısının Pirəbədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Məmmədov çıxışında dövlətin dini sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.