03.10.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Aslan Sultanov,Fuad Məlikov, Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Əliyulla Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri mövzu ilə bağlı məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları A.Məlikov, A.Sultanov və Fuad Məlikov İslam dininin sülh və həmrəylik dini olduğunu bildirərək ölkəmizdə tolerant mühitin mövcudluğunu, məzhəblər arasında ayrı-seçkiliyin olmamasını diqqətə çatdırıblar. Ənənəvi islami dəyərlərin təbliğ olunmasının dini radikalizmə qarşı mübarizədə önəmli rol oynadığını qeyd edən məruzəçilər Dövlət Komitəsinin bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.