20.09.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Türkan qəsəbəsi “Türkan bağları” məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, “Türkan bağları” məscidi dini icmasının sədri Rafiq Əliyev, məscidin axundu Elman Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri R. Əliyev ənənəvi dinin və tolerant dəyərlərin xüsusilə gənclər arasında təbliğinin sülhə xidmət etdiyini və insanlar arasında radikalizmə meyillənmə hallarının azalmasına müsbət təsir göstərdiyini bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslam dinində multikultural və tolerant dəyərlərin əhəmiyyətindən danışaraq bu dinin bütün bəşəriyyət üçün nazil olduğunu, sülhə və əmin-amanlığa yüksək qiymət verdiyini, İslam sözünün mənalarından birinin də elə sülh anlamına gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Türkan bağları” məscidinin axundu E.Məmmədov dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirərək, ənənəvi din və multikultural dəyərlərin gənclər arasında təbliğinin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
.jpg)
