19.09.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasının “İslamda multikultural dəyərlər və tolerantlıq ənənələri” layihəsi çərçivəsində “Dövlət-din münasibətlərinin formalaşmasında dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, “Şeyx Həsən” məscidi dini icmasının sədri Səyavuş Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik bazası bərqərar olub.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı A.Səmədov Prezident cənab İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən danışıb.
Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasının sədri Səyavuş Quliyev, kənd sakinlərindən-İlqar Şahverdiyev, Nahid İsmayılov və başqaları çıxışlarında dövlət-din münasibətlərinin formalaşmasında dini icmaların rolundan söhbət açıblar.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.