Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.09.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Sentyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Saatlı rayonu Fətəlikənd  “Cümə” məscidi dini icmasının “Tolerantlıq və dini dözümlülük  Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində “Tolerantlıq milli kimliklə vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Fətəlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən Rəhmanov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan dini icma sədri Əmir Əliyev çıxışı zamanı Azərbaycanda  tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov tolerant, multikultural və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq, radikal düşüncələrin cəmiyyətdə yayılmasına, xüsusən də gəncləri təsir altına salmasına qarşı mübarizənin vacibliyini qeyd edib. O bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Daha sonra çıxış edən  Fətəlikənd tam orta məktəbinin direktor müavini Usman Aslanov multikulturalizmin Azərbaycan modelindən söhbət açaraq vurğulayıb ki, ölkəmizdə tolerantlıq ənənələri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılıb və daha da inkişaf etdirilib. “Bu gün bu strategiya  möhtərəm  Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”- deyə o qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.