Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.08.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonu Katex kəndi “Mərkəzi” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam dini xürafata və mövhumata qarşıdır” layihəsi çərçivəsində “İslam sülh, birlik və həmrəylik dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ramazan Babayev layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. İcma sədri İslamın sülh və vəhdət dini olduğunu, müqəddəs kitabımızın dünyanı barışığa çağırdığını, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Qarayev isə öz çıxışında dindarların maarifləndirilməsi işinin və İslam dininin bəşəriyyətə aşıladığı birlik və bərabərliyin təbliğ olunmasının vacibliyini vurğulayıb.O, ölkə rəhbərliyinin dini icmalara qayğı və diqqətlə yanaşmasının dövlət və din siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyib.
QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov çıxış edərək qeyd edib ki, İslam dininin təməlini sülh və qardaşlıq təşkil edir. Bu din yarandığı andan insana böyük dəyər verib, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ edib.
Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov milli və dini dəyərlərimizin təhrif olunmasının qarşısının alınması, dinimizin xürafat və mövhumatdan təmizlənməsində təhsilin əhəmiyyətindən danışıb. Eyni zamanda, onu da vurğulayıb ki, hər bir gənc öz vətəndaşlıq mövqeyinə yiyələnməlidir. Vətəndaşlıq mövqeyi isə azərbaycançılıq ideyasının gənclər tərəfindən mənimsənilməsi yolu ilə əldə olunur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.