21.08.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər Hacı İsmayıl məscidi dini icması tərəfindən avqustun 21-də “İslam həmrəyliyinin və islami dəyərlərin təbliği” layihəsi çərçivəsində “Dini radikalizmin və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdaş şəhər Hacı İsmayıl məscidi dini icmasının sədri Əli Məmmədov, Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov, Tural Ələkbərov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, eləcə də din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
Ağdaş şəhər Hacı İsmayıl məscidi dini icmasının sədri Əli Məmmədov çıxışında xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, din xadimlərinin, o cümlədən dini icmaların da bu istiqamətdə böyük səylə çalışmalı olduqlarını qeyd edib. Dini icma sədri bu cür maarifləndirmə tədbirləri ilə milli-mənəvi dəyərlərimizin, xüsusilə gənclər arasında təbliğinin vacibliyindən bəhs edib.
Daha sonra mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən DQİDK-nın dəstəyi ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti və nəticələri barədə məlumat verib, dövlətin bütün dini icmalara bərabər şərait yaratdığını bildirib. O, bununla yanaşı tarixin bütün dövrlərində, o cümlədən müasir dövrdə müsəlman dünyasının ehtiyac duyduğu İslam həmrəyliyinin Azərbaycanda tarixən mövcud olduğunu və hazırda da dünyaya uğurla təbliğ edildiyini vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyada nümunə kimi qəbul edilməsindən bəhs edib, bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin dünyada təbliğinin yüksək səviyyədə aparılmasından bəhs edib.