Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.12.2016

Prezidentin Sərəncamı uğurla icra olunur

Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Zərdab şəhər Gənclər Evində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Muradov, Allahqulubağı kənd məscidi dini icmasının sədri Zakir Məmmədov, gənclər, müəllimlər və şagirdlər iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyə qədər dini və milli zəmində heç bir qarşıdurmanın baş vermədiyini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər bu cür tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.