18.08.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yalman kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi və sosial ədalət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, dini icma sədrləri, din xadimləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli” bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. Bu, Azərbaycanın təşəbbüsü ilə dünyaya yeni çağırışdır, eyni zamanda, müasir dünyanın mübtəla olduğu irqçilik, ksenofobiya və islamofobiya mərəzlərinə qarşı ən yaxşı məlhəmdir.
Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev isə vurğulayıb ki, layihənin icrası nəticəsində cəmiyyətin dini fanatizmi, xurafatçılığı və məzhəb təəssübkeşliyini təbliğ edən qrupların əsl mahiyyəti barədə məlumatlanacaq və onlarda zərərli dini təbliğata qarşı immunitet yaranacaq.
***
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Çərəcə kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi – Sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, dini icma sədrləri, din xadimləri, ziyalılar, ağsaqqallar və gənclərin iştirak etdiyi tədbirdə çıxış edən natiqlər İslam həmrəyliyinin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələbinə cavab verən qlobal çağırış olduğunu qeyd ediblər.
Tədbirdə,eyni zamanda, İslamın bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığı fikri diqqətə çatdırılıb.
Tədbirlərin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, hər iki tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)