03.08.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icmasi tərəfindən “İslam dini həmrəy və tolerant dindir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, “Hacı Cəbrayıl” məscidi dini icmasının sədri Zabil Qədirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının nümayəndəsi Aqşin Babayev vurğulayıb ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
İcma sədri Zabil Qədirov “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb. “Qurani-Kərim” in bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını qeyd edib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev bildirib ki, dünyəvi dövlət kimi Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarix boyunca birgə yaşadıqları ölkələrdən biridir. O, Azərbaycan cəmiyyətinin tolerantlığından zaman-zaman sui-istifadə edən müəyyən qrupların öz siyasi əməllərini həyata keçirmək üçün dini bir pərdə kimi istifadə etdiklərini və bununla da xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyə çalışdıqlarını nəzərə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.