01.08.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xoşçobanlı kənd məscidi dini icması tərəfindən “İslam həmrəylik, bərabərlik dinidir” layihəsi çərçivəsində “İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Bayram Nuruşov İslam dininin öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, həmrəyliyə, dostluğa və humanizmə dəvət etdiyini vurğulayıb. O, İslam həmrəyliyinin vəhdəti gücləndirən başlıca amil olduğunu bildirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin dövlətimiz tərəfindən mühafizə edilməsinin xalqımız üçün qürurverici hadisə olduğunu nəzərə çatdırıb. O, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin göstəricisi olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.