31.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yengiyan kənd məscidi dini icması tərəfindən “İslam dininin mədəniyyətimizdəki yeri və rolu” layihəsi çərçivəsində “Milli kimliyimiz və İslam” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərvin Əliməmmədov, dini icmanın sədri Abdurahman Bilalov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Abdurahman Bilalov layihə haqqında məlumat verdikdən sonra bildirib ki, milli kimliyi formalaşdıran dəyərlərin içərisində din amili tarixin bütün mərhələlərində mühüm rol oynayıb. O qeyd edib ki, belə dəyərlərin təbliği və təşviqində dövlət başçısının göstərdiyi dəstək dindarlar, dini icmalar tərəfindən yüksək qiymətləndirilir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə çıxışında İslam dininin mədəniyyətimizin formalaşmasındakı rolundan bəhs edib. Nəzərə çatdırıb ki, hər bir milləti digər millətlərdən fərqləndirən əsas cəhət milli kimlik anlayışıdır. O, bəzi dini qrupların təbliğatlarının milli kimliyimizin, mədəniyyətimizin inkarı üzərində qurulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Zaqatala RİH başçısının Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərvin Əliməmmədov keçirilən maarifləndirmə tədbirlərinin gənclərin milli kimliyinin formalaşmasındakı əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.