Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yardımlı rayonu Avaş kəndi “İmam Museyi Kazım” məscidi dini icması tərəfindən “Radikal meyillərə qarşı mübarizədə dindarların rolu” layihəsi çərçivəsində “Radikal və ekstremist meyilli qruplarla mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin kadrlarla iş üzrə sektor müdiri Xalid Məmmədov, DQİDK-nın  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları,Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqiyas Əsgərov, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov, “İmam Museyi Kazım” məscidi dini icmasının üzvü Əyyub Xurşidov, hüquq-mühafizə orqanlarının əməkdaşları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli bildirib ki, ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-dini dözümlülük mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
DQİDK-nın Hüquq və qeydiyyat şöbəsi tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov çıxışında qeyd edib ki, dini radikalizm hər hansı dinin üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək digər etiqadların ardıcıllarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Daha sonra natiq dini radikalizmin tarixindən söhbət açaraq deyib ki, günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir.
Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov vurğulayıb ki, radikal təfəkkürə maksimalizm, nuhilizm, ifrata qaçma, inkarçılıq və emosional tərəddüd xasdır. Radikalizm mövcud sosial-siyasi vəziyyətə mənfi münasibət bəsləyir,müxalif mövqedə durur sosial problemlərin tez və qısa zamanda həllinə “xoşbəxt gələcək”vəd edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.