26.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı seçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan RİH başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının nümayəndəsi Aftandil Şikarov dini maarifləndirmə sahəsində görülən tədbirlərin və bu istiqamətdə keçirilən mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq İslam dininin həmrəylik, dostluq və qardaşlıq dini kimi tolerant və multikultural dəyərlərin daşıyıcısı olduğunu bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya sülh, həmrəylik, eyni zamanda dinlər və məzhəblər arasında dialoq qurmaq çağırışıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.