20.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Barat Bağırov İslam dininin sülh, tolerantlıq, xeyirxahlıq və mərhəmət dini olduğunu, bəşəriyyəti həmrəyliyə çağırdığını deyib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev “Dövlət-din münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasında, İslam həmrəyliyinin gücləndirilməsindəki mühüm xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov İslam dininin insanları sülhə, həmrəyliyə və humanizmə dəvət etdiyini bildirib. O, Azərbaycanda yaşayan bütün xalqların milli-mənəvi və dini dəyərlərinə ehtiramla yanaşıldığını, ölkəmizdə multikulturalizm, tolerantlıq və həmrəylik mühitinin mövcud olduğunu vurğulayıb.
İcma üzvü Laçın Mehdiyev və başqaları çıxışlarında həyata keçirilən layihənin mühüm əhəmiyyəti olduğunu, ölkəmizin İslam həmrəyliyinin təmin olunması istiqamətində fəaliyyət göstərdiyini bildiriblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.