14.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 14-də Sumqayıt “Cümə” məscidi dini icmasının “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” adlı layihəsinin icrasına başlanılıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Sumqayıt şəhər “Cümə” məscidini dini icmasının sədri Rauf Sərdarov, ilahiyyatçı Əli Şərbətov, din xadimləri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rauf Sərdarov mövzunun əhəmiyyətindən danışıb. Natiq dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov “Dini və milli kimliyimizin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib.O, Azərbaycan xalqının dini və milli kimlik düşüncəsinin əsasında həmişə vəhdət və birlik anlayışının dayandığını qeyd edib.
Şöbə müdiri milli-dini dəyərlərimizin daha dərindən öyrənilməsi və doğru təbliğ olunmasının vacibliyini də bildirib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.