13.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan şəhəri “Heydər” məscidinin imamı Çingiz Babaşov, RİH başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Natiq, həmçinin dövlətin dindarlara qayğısını və onlara ibadət üçün hər cür şəraitin yaradılmasını qeyd edərək bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov və başqaları çıxışlarında mövzunun əhəmiyyətinə toxunublar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.