Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.07.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Köçəkli kənd  məscidi dini icması tərəfindən “Dinimiz və mənəvi dəyərlərimiz” adlı layihə çərçivəsində “İslam dini terrora qarşı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları, Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Köçəkli kənd məscidi dini icmasının sədri Əfrahil Xəlilov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov deyib ki, dinimiz mənəvi dəyərlərimizin tərkib hissəsi olaraq öz saflığını qorumaqla yanaşı, bütün zərərli vərdişlərə, terrora, ekstremizmə qarşı olub. O, həmçinin qeyd edib ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alıxanlı kəndində məskunlaşan mülki əhalinin və mülki obyektlərin atəşə tutulması nəticədə Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, digər mülki şəxs Səlminaz Quliyevanın ağır yaralanması erməni vandalizminin həyata keçirdiyi etnik təmizləmə və terror aktlarının davamıdır.
DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Vüqar Hümmətov  çıxışında ölkəmizin islami dəyərlərə verdiyi yüksək qiymətdən söhbət açaraq bildirib ki, dinimiz terrorizmə həmişə “yox” deyib. O vurğulayıb ki, bu gün müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslam dininə qarşı təhlükədir.
Daha sonra Köçəkli kənd məscidi dini icmasının sədri Əfrahil Xəlilov, kənd ağsaqqalı Yəhya Mirzəyev və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.