03.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 3-də Lerik rayonu Ləmərud kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülhə və həmrəyliyə aparan yoldur” adlı layihə çərçivəsində Ləmərud kənd məscidində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Ləmərud kənd məscidi dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında İslamın sülh məfhumu ilə eyni məna daşıdığını, öz ümumbəşəri mahiyyəti ilə insanları daim sülhə, həmrəyliyə, humanizmə və mənəvi-əxlaqi kamilliyə dəvət etdiyini bildirib. A.Həsənov tarixən dünya dinlərinin yayıldığı, dinc və yanaşı mövcud olduğu ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sisteminin formalaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra dini icma üzvləri və başqaları çıxışlarında İslam dininin xeyirxahlıq, mərhəmət, həmrəylik və tolerantlıq dini olduğunu qeyd edib, ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.