30.06.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, bu münasibətlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov çıxışında İslam dininin insanları sülh və birliyə çağırdığını qeyd edərək, ölkəmizin İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını, bununla bütün dünyaya həmrəylik mesajları verdiyini bildirib.
Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov və digərləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.


.jpg)
