23.06.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər “Hacı İsmayıl” məscidi dini icması “İslam həmrəyliyi və İslami dəyərlərin təbliği” layihəsi çərçivəsində “İslam həmrəyliyi və onun mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdaş şəhər “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov, Ağdaş rayon Ağsaqqallar Şurasının sədr müavini Hacı Vaqif Hacıyev, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əli Məmmədov dövlətimizin ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyalara göstərilən qayğının təqdirəlayiq hal olduğunu deyib, eyni zamanda dindarların rahat şəkildə öz etiqadlarını həyata keçirmələri və dini bayramlarını yerinə yetirmələri üçün hər bir şəraitin mövcud olmasını xüsusi vurğulayıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini icmalara ayrılan maliyyə vəsaitləri hesabına həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açıb. Bununla yanaşı Natiq Əfəndiyev ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə bütün dünyanın diqqətinin yenidən Azərbaycana yönəlməsinin və hal-hazırda dünyanın ehtiyac duyduğu həmrəylik mesajının dövlətimiz tərəfindən verilməsinin əhəmiyyətini tədbir iştrakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər malik olduğumuz milli-mənəvi dəyərlərimizin təbliğatını genişləndirməyin radikalizmə qarşı mübarizəyə daha çox töhfə verəcəyini bildiriblər.
Tədbirin sonunda iftar süfrəsi açılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.