07.04.2016
Prezidentin Sərəncamı uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 7-də Qazax rayonu Daşsalahlı dini icmasının "Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması" layihəsi çərçivəsində "Radikalizmin fəsadları" mövzusunda Daşsalahlı kənd orta məktəbində tədbir keçirilib. Tədbirin əvvəlində torpaqlarmızın azadlığı və bütovlüyü uğrunda döyüşlərdə şəhid olmuş əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Qazax RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla üzrə işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə açaraq rayonda radikalizmə qarşı mübarizənin aparılması qaydasından və bu işdə maarifləndirmənin rolundan bəhs edib. DQİDK-nın Tovuz bölgəsinin müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev radikalizmə qarşı mübarizənin üsul və vasitələrindən, fəsadlarından danışıb.İcma sədri İslam Əliyev çıxışında İslam dininin birlik və bərabərlik dini olmasını xüsusilə vurğalayıb. Qazax rayon prokurorunun 1-ci müavini Rəfael Həsənov radikalizmə qarşı mübarizədə qanunların tətbiqindən və onunla mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə geniş məlumat verib.
* * *
Aprelin 7-də digər maarifləndirici tədbir Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasında “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Aqil Həsənli, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mircamal Mahmudov, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayaz Əliyev, Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, dini icma üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirin əvvəlində son günlər cəbhə bölgəsində şəhid olmuş hərbçilərimizin əziz ruhuna dualar oxunub, onların xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Daha sonra Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Şöbənin əməkdaşı Aqil Həsənli ölkəmizin zəngin multikultural və tolerant dəyərlərə malik tarixindən danışıb.
Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayaz Əliyev, şəhər ağsaqqallarından Malik Ataşov, Rahim Səfərov, dini icmanın üzvü Anar Əmirli, RİH-in nümayəndəsi Mircamal Mahmudov Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini xüsusilə vurğulayıblar.
* * *
Aprelin 7-də Salyan rayonu “Mirəşrəf ağa” məscidi dini icmasında “Alkoqolizm və zərərli vərdişlərlə mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Azər Sadıqov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Orxan Maşayev, Salyan Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, dini icma sədri Məhərrəm Həsənov,məscidin axundu Sadıqov Mirqulam,dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.Məscidin axundu Sadıqov Mirqulam layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərimizin alkoqolizm və zərərli vərdişlərdən qorunması və milli- mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Azər Sadıqov alkoqolizm və zərərli vərdişlərlə mübarizənin yollarından danışıb. İcra Hakimiyyətinin nümayəndəsi Aqşin Babayev alkoqolizmdən, zərərli vərdişlərdən, milli- mənəvi dəyərlərimizin qorunması və təbliği işlərindən söhbət etdi.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayev çıxış edərək zərəli vərdişlərin ilk öncə fərdə sonra isə cəmiyyətə ziyan vurduğunu xüsusilə vurğulayıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

